Buynuz xalçaları
"Buynuz" xalçaları — Qarabağ tipinin Qarabağ qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır.
== Ümumi məlumat ==
"Buynuz" xalçaları Qarabağ tipinə daxildir. Onlar Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz" xalçaları yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz" xalçaları "Tapança", "Gəncə" və s. adlarını daşımışdır.
== Bədii analiz ==
Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir.